<b>DİM-ə icraçı direktor təyin edilib</b>
22 aprel 2016 14:33 (UTC +04:00)

DİM-ə icraçı direktor təyin edilib

Yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin  yeni rəsmi saytının, eləcə də faysbuk səhifəsinin istifadəyə verilməsi və hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin saytda və səhifədə yerləşdirilməsi qərara alınıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qərar Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin aprelin 21-də keçirilən ilk iclasında qəbul olunub.

İclasda Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Prezidentin Fərmanının icrası ilə əlaqədar olaraq bir sıra məsələlər müzakirə olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın struktur vahidlərinin birləşdirilməsi, optimal idarəetmə strukturunun formalaşdırılması, qurumlar arasında texnoloji proseslərin və məlumat bazalarının əlaqələndirilməsi və s. işlərin həyata keçirilməsi üçün icraçı direktor vəzifəsinin təsis olunması və bu vəzifəyə Vəfadar Misirovun təyin olunması məqsədəmüvafiq hesab olunub.

Bundan əlavə, iclasda 2016-cı il aprel ayında ümumtəhsil məktəblərinin 7, 8 və 11-ci siniflərində keçirilmiş monitorinq imtahanlarının protokolları müzakirə olunub. Həmçinin Direktorlar Şurasının üzvlərinə mayın 1-də keçiriləcək rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili və ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün keçiriləcək test imtahanları barədə məlumat verilib və şura üzvlərinə müvafiq imtahanlarla bağlı texnoloji proseslərin istənilən mərhələsində iştirak etmək təklif olunub.

Həmçinin, iclasda son günlər feysbuk sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılması məsələsinə də toxunulub. Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Bununla bağlı ictimaiyyət məlumatlandırılıb, saxta səhifələrin adminlərinə xəbərdarlıq olunub. 

Bildirilir  ki, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar