Xoruz yox idi?
20 oktyabr 2015 12:11 (UTC +04:00)

Xoruz yox idi?

Cinsi azlıqlarımız üsyan flaşmobu ediblərmiş. Flaşmobları da məscid, Milli Məclis və Alov qüllələri qarşısında öpüşərək şəkil çəkdirməkdən ibarət olub.

Sosial şəbəkələrdə və bəzi saytlarda yayımlanmış üç fotonun hər birində iki qızın öpüşməsi görünür.

Məscid qarşısındakılar hicabda, Milli Məclis qarşısındakılar kostyumda, Alov qüllələri qarşısındakılar isə Azərbaycan milli qadın geyimindədirlər.

Olduqca konkret seçilmiş hədəflərə son dərəcə dəqiq tuşlanmış oxlardır və bu oxları yaylarından çıxmış kimi hesab edə bilərik.

Öpüşən qızlar öz aləmlərində Azərbaycanda cinsi azlıq təbəqəsini təmsil edərək, özlərini Qərbdəki əqidədaşları ilə eyni tutur və Avropaya inteqrasiyamızın məhz bizim də cinsi azlıqlarımızın olması versiyası istiqamətində ciddi əməli tədbir gördüklərinə inanırlar.

Tamam, uşaqdırlar, deyək, cavanlıq səhvidir, edirlər, başları daşlara dəyəndə ayılmaq ehtimallarına ümid də etmək olar.

Bəs daha nəyə inanırlar bu uşaqlar?

Bu gün onların psixoloji durumlarından və infantil düşüncə tərzindən ustalıqla yararlanaraq, ölkənin ən ciddi məkanları qarşısında öpüş fotoları çəkdirib yayımlayan kimlərinsə şeytana məlum olmayan hoqqabazlıqlarına alət və birdəfəlik vasitə olmamaqlarınamı inanırlar?

Bu gün məscid qarşısındakı şəkillə dindarları, Milli Məclis qarşısındakı şəkillə hökumət təmsilçilərini, Alov qüllələri qarşısındakı şəkillə içində milli qüruru və həqiqi azərbaycanlılığı qoruyub saxlayanları qıcıqlandırmaqla həqiqətən də üsyan etdiklərinəmi inanırlar?

Məhz Məhərrəmlikdə, Aşura ərəfəsində, məhz Milli Məclisə seçkilərə sayılı günlər qaldığı vaxtda, məhz regionda və dünyada həm siyasi, həm dini, həm milli məsələlərin xaotik və gedişatı neştər üstündə ayaqyalın addımlamaq qədər çətin olduğu bir dönəmdə yalnız öz kefləri istədi deyə öpüşdüklərinəmi inanırlar?

Mən uzaqdayam, Bakıda yaşayanlar gedib tapıb soruşsunlar onlardan, görək, bilək, doğrudanmı ehtiras üçün öpüşmüşdülər?

Məscid, Milli Məclis, Alov qüllələri haçandan ehtiras oyadan məkan olublar?

Ah, indi deyənlər tapılacaq ki, ehtiras deyilmiş də, etiraz imiş dırnaqarası üsyana səbəb.

Xub, etiraz imiş, inandıq guya.

Amma nəyə, kimə, nə üçün?

Yuxudasız siz?

Oyatmağa zəngli saatınız yoxdur? Heç xoruzunuz da?

Ey, LGBT!

Mavi bəylər və çəhrayı xanımlar qurumu, bəlkə dağılışasız, hə?

Məgər bu dünyada və bu ölkədə sizlərdən əvvəl heçmi öz cinsindən olanlara meylli qızlar və oğlanlar doğulmadı, yaşamadı, ölmədi?

Onları ilk uşaqlıq çağlarından hamı tanıyırdı və onlar da öz həyatlarını ümumi həyatın axarına qatıb, sakitcə ömürlərini sürürdülər.

Ən adi kişi-qadın cütlükləri kimi, onlar da öz cinsi həyatlarını hamıdan gizli və məhrəm halları ilə yaşayırdılar.

Niyə onları söyən, döyən, öldürən olmurdu?

Çünki sizdən fərqli olaraq, səmimi idilər, dəb üçün, sekta kimi, səhnə üçün, meydan üçün, flaşmob üçün seçməmişdilər cinsi meyl və rənglərini. Alabayraq üsyanları yox idi.

Guya kimsə bilmirmi ki, bizim cəmiyyətdə adi qadın və adi kişi də hamının qarşısında üsyankarca öpüşməyin və sevişməyin qarşılığında söyülə, döyülə, öldürülə bilər?

Neyləyək, milli-mental dəyərlərə tüpürürük deyib hamımız açıq meydanlaramı daşıyaq yataqlarımızı, tualetlərimizi?

O zaman küçələrə tüpürən, zibil atan adamların haqqına niyə giririk ki? Niyə onlardan ictimai yerdə sivil təmizkarlıq tələb edirik? Siqareti, içkini, söyüşü, davanı niyə ictimai məkanlarda qəbul etmirik mavili-çəhrayılı və normallı toplum olaraq?

Rəngləriniz gözlərinizi qapamasın, zatən, araşdırılsa, əksəriniz heç mavi və çəhrayı da çıxmazsınız yəqin.

Niyyətlərinə alət və vasitə olduqlarınız isə heç də daltonik deyillər, onlara sizin rəngləriniz sadəcə ölkədə özlərinə sərfəli fona tündlük qatmaq üçün lazımdır, missiyanız bitəndə hamınızı özləri də əski ilə siləcəklər.

Gedin çimin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623
avatar

Cavi Dan

Oxşar yazılar