<span style="color:red;">Xocalılar Avropada  - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olunub
23 fevral 2018 12:02 (UTC +04:00)

Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olunub

0

Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Sarayevo Beynəlxalq Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans  keçirilib.

 

Lent.az-ın modern.az-a istinadən məlumatına görə, konfransa həm də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideyni qətlə yetirilmiş uşaqların acı xatirələrindən bəhs edən Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az xəbər portalının rəhbəri Elşad Eyvazlının müəllifi, Milli Məclisin deputatı Cavanşir Feyziyevin məsləhətçisi olduğu və boşnak dilinə tərcümə edilmiş "Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib.

 

Konfransda Azərbaycan və Bosniya və Herseqovinadan olan millət vəkilləri, beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.

 

Konfrans iştirakçıları  əvvəlcə bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

 

Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin rektoru professor Tahsin Erkan Türe, kitabın müəllifi Elşad Eyvazlı, millət vəkili, Azərbaycan – Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadə, Bosniya və Herseqovina, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və Herseqovinanın Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik Beynəlxalq Universitetinin professoru Sabahudin Hadjialiç, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, Xocalıda hər iki valideynini itirmiş Səbinə Məhərrəmova və Murad Hüseynov tədbirdə çıxış ediblər.

 

Çıxış edənlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıq və amansızlıqla öldürüldüyünü, bir qisminin ağır yaralandığını, girov götürülüb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladıblar. O da vurğulanıb ki, Xocalıda törədilən həmin cinayətlər Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsidir. Eyni zamanda bunun arxasında azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı cinayəti olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin törətdiyi cinayətlərə görə məsuliyyət daşıdığını birmənalı qeyd ediblər.

 

Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov çıxışında “Xocalıya Ədalət” kampaniyasının 10-cu ildönümü çərçivəsində təşkil edilmiş konfrans iştirakçılarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini abidələrinin  məhv edilməsi barədə məlumat verib. O, Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü ilin 26 fevral tarixində, məhz Xocalı soyqırımı törədilən gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlanan qətnamənin qəbulunu xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar