Nazirlər Kabineti “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının spesifikasiyası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş valideyni ilə xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıdarkən üzləşdiyi sənəd probleminin həllini nəzərdə tutur.
Başqa sözlə, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının onların ölkəyə qayıtmaq hüququ verən digər sərhədkeçmə sənədi olmadıqda, Azərbaycan Respublikasına qayıtmaq üçün verilmiş qayıdış şəhadətnaməsi ciddi hesabat sənədi kimi qəbul ediləcək. “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları” qayıdış şəhadətnaməsinin ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən edir.
Qeyd edək ki, valideynləri ilə birlikdə xarici dövlətə, xüsusən Rusiyaya getmiş və xarici dövlətdə 18 yaşına çatmış uşaqların Azərbaycana geri dönməsi zamanı yaranan problemlər bir neçə dəfə Milli Məclisdə deputatlar tərəfindən qaldırılıb.