Vüqar Şıxəmmədov: “Şahdağ turizm kompleksi gündə 1200 turisti qəbul edəcək”
26 oktyabr 2015 19:16 (UTC +04:00)

Vüqar Şıxəmmədov: “Şahdağ turizm kompleksi gündə 1200 turisti qəbul edəcək”

0

“Yay mövsümünün bir ayı Avropa Oyunları dövrünə düşdü. Həmin müddətdə, yəni iyun ayının 1-dən 30-a qədər ölkəyə 170 mindən artıq əcnəbi vətəndaş gəlib. Təbii ki, onların bir qismi yarışlardan sonra qalaraq, Azərbaycanın bölgələrinə təşkil edilən turlardan yararlanıblar. Turizm şirkətlərindən əldə edilən məlumata görə, həmin turistlər Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndiriblər”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov  deyib.

 

Bakının dünyanın seçilən şəhərlərindən birinə çevrilməkdə olduğunu bildirən nazirlik rəsmisi, paytaxtda müxtəlif turizm xidmətlərinin təklif olunduğunu diqqətə çatdırıb. O bildirib ki, müasir Bakı hər kəsi cəlb edir: “Dediyim nəticələr iyun ayını əhatə edir. İyul və avqust aylarına nəzər salanda isə görünür ki, yüksək səviyyədə xidmət göstərən, xidmətə müvafiq qiymətlər təklif edən obyektlər normal fəaliyyət göstəriblər. Nazirliyin əməkdaşları yay mövsümündə 2 dəfə monitorinq aparıb. Həmin monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Bizim məqsədimiz nöqsan aşkar etdiyimiz obyektlərə inzibati cəza tətbiq etmək deyil, əksinə, tövsiyə və müəyyən zaman verməklə mövcud nöqsanları aradan qaldırmaqdır. Bəzi obyektlərin inzibati, yaxud idarəetmədəki problemlərdən dolayı lisenziyaları alındı, bəzilərinin ulduzu alındı. Amma ümumilikdə, yay turizm mövsümü uğurlu hesab oluna bilər. İnfrastruktur hər il yenilənir, yeni mehmanxanalar tikilir”.

 

Mədəniyyət və Turizm Nazirliyi sahibkarlara çağırış edir...

 

Bölgələrdə yüksək kateqoriyalı mehmanxanaların olduğunu nəzərə çatdıran V.Şixəmmədov, bu gün nazirliyin qarşısında duran prioritet məsələlərdən biri kimi həm Bakıda, həm də regionlarda 2, 3, 4 ulduzlu mehmanxanaların tikilməsi olduğunu qeyd edib: “Ölkə başçısının bununla bağlı müvafiq tapşırığı var. Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə çalışır. Aşağı büdcəli insanların da istirahət etmək hüququ var. Fürsətdən istifadə edib, sahibkarlara çağırış etmək istəyirik ki, bu məsələdə maraqlı olsunlar. Azərbaycanda rahat biznes mühiti var. Sahibkarlıq fəaliyyəti daha da inkişaf edir. Bu infrastrukturun da inkişafı üçün onlar da əllərindən gələni etməlidirlər, dövlət də üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. 

 

Qonaq qiymət siyasətinin bazarın formalaşdırdığını bildirib. Onun sözlərinə görə, keçən yay mövsümündə bir sıra böyük mehmanxanaların sahiblərinə mütəmadi görüşlər keçirilib: “Qiymətlərin aşağı salınması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verildi. Qiymətlər turistik qrupların səfəri zamanı aşağı salınır. Otellərdə yerlər boş qalan zaman da endirim olunur. Ümumiyyətlə, menecerlər qiymət siyasətinin tənzimlənməsini həyata keçirməlidirlər. Bu onların sırf daxili işidir. Əgər mehmanxana boşdursa, qiymət aşağı salınmalıdır ki, turist cəlb olunsun. Yay mövsümündə bir sıra yüksək kateqoriyalı otellərdə qiymətlərin 30%  aşağı salınmasına nail olduq. Bəzi rayonlarda infrastruktur zəif inkişaf edib, bəzilərində güclü. Apardığımız təhlillər göstərib ki, həftəsonu günləri mehmanxanalar 100% dolur. Amma həftə içi bu faiz regionlara görə dəyişir. Əgər mehmanxana həftə içi boşdursa və tələbat yoxdursa, düzgün siyasət aparan menecer qiymətləri aşağı salmalıdır. Bu zaman aşağı büdcəli insanlar da nəzərə alınmalıdır”.

 

V. Şıxəmmədov bildirib ki, gələcək turizm mövsümündə buna daha mütəşəkkil şəkildə baxmaq lazımdır. Sahibkarların da ziyan görməməsi şərti ilə qiymət siyasətinin aparılması üçün müvafiq qurumlarla birlikdə təkliflər paketi artıq hazırlandığını da diqqətə çatdıran nazirlik rəsmisi deyib ki, burada əsas məsələnin qiymətin təklif olunan xidmətə uyğun olmasıdır: “Arada böyük fərq olmamalıdır. Bütün dünyada məhz belə siyasət aparılır”.

 

“Şahdağ kompleksi bu il gün ərzində 1200 turisti qəbul edə biləcək”

 

Turizm və istirahətin bir ənənə olduğunu deyən qonaq, bu ənənənin ən yaxşı formalarından istifadə etmək lazım olduğunu qeyd edib: “Dünyanın bir sıra ölkələrində bu ənənə var. Bu baxımdan Türkiyəni misal çəkmək olar. Dünyada turizmin inkişaf etdiyi ölkələr sırasında Türkiyə 7-ci yerdədir. Azərbaycanda da bu ənənə formalaşmaqdadır. Amma dünənə qədər paytaxtdan bölgəyə gedən insan bron etməyi düşünmürdü. “Gedib, bir yer taparam” prinsipi ilə hərəkət edirdi. İstirahət öncədən planlaşdırıldıqda həm ucuz otel, həm də ucuz turlar tapmaq olur. Bu həm də rahatçılıqdır. Paytaxtdan regionlara gedərkən çox az adam turizm şirkətlərinin xidmətlərindən istifadə edir”.

 

Vüqar Şixəmmədov qış turizm mövsümü barədə də məlumat verib: “Son 3 ilə qədər Azərbaycanda qış turizmini yalnız televiziya vasitəsilə, yaxud xarici ölkələrə getdikdə görürdük. Amma qış turizmi ilə bağlı işlərin görülməsi bu barədə dirçəliş yaratdı. Bu il ilk dəfə olaraq, Şahdağ kompleksi gün ərzində 1200 turisti qəbul edə biləcək, yəni gecələyə biləcək. Həm də bu il daha aşağı büdcəli insanlar üçün də şərait yaradılıb, hosterlər fəaliyyət göstərəcək. Apartament tipli mehmanxananın fəaliyyəti də planlaşdırılır. Bu ilin yeniliklərdən biri də turistləri cəlb etmək üçün hər həftə sonu müxtəlif proqramlar, tədbirlərin təşkil edilməsidir”.   

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar