Həmrəyliyimiz əbədi olsun!
30 dekabr 2015 13:56 (UTC +04:00)

Həmrəyliyimiz əbədi olsun!

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi vətənlə döyünən, milli birlik amalı ilə yaşayan çoxmilyonlu Azərbaycan millətinin  birlik, bütövlük şüarının simvolik şəkildə reallaşdığı gündür. Belə bir günün tarix səhnəsinə daxil olması mövcud zərurətin, həmrəyliyin nəticəsində olmuşdur. 1989-cu il dekabrın axırlarında Naxçıvanda Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması, iki totalitar dövlətin (SSRİ və İran) ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, şimalda və cənubda yaşayan həmvətənlərimizin bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Bu vaxt İstanbulda keçirilən Türkdilli xalqların Konfransı tarixi zərurətdən və mənəvi ehtiyacdan yaranan bu günün dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verdi. 1991-ci ilin 16 dekabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etməklə həmrəyliyin  hüquqi və siyasi təsdiqini reallaşdırdı. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə əlavə olunaraq hər il bayram kimi qeyd olunmağa başladı. Bu tarixi hadisə xaricdə yaşayan on milyonlarla soydaşımızın milli təşəkkülünün, özünüdərk hissinin formalaşması, onların müstəqil Azərbaycan dövləti ətrafında təşkilatlanması, mənəvi, siyasi birliyinin təmin edilməsi işində təkanverici bir amil oldu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə milli bütövlüyümüz qısa müddətdə milli təfəkkür tərzinə çevrilərək dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün qürur, mənəvi dayaq oldu. Xaricdəki diasporumuzun təşkilatlanmasında, onların arasında milli həmrəyliyin gücləndirilməsində önəmli rol oynayan və Azərbaycan dövlətçiliyininin onurğa sütununu təşkil edən tarixi azərbaycançılıq ideologiyasının böyük öndər Heydər Əliyev tərəfindən yenidən  gündəmə gətirilməsi isə  dünya azərbaycanlılarının birliyini daha da gücləndirən ən önəmli faktorlardan birinə çevrildi.

 

Bu gün milli həmrəylik Azərbaycan dövləti və milləti üçün vacib məsələdir. Çünki Azərbaycan dövlətçiliyinə təzyiqlər daim mövcuddur. Dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Hər bir azərbaycanlı öz kimliyi, milli mənsubiyyəti ilə fəxr etməli, zəngin və qədim tarixi, çoxəsrlik ortaq mədəni-mənəvi sintez missiyasını özündə əks etdirən dövləti ilə qürur duymalıdır.  Dünyanın müxtəlif yerlərinə səpələnmiş çoxmilyonlu millətimiz Azərbaycançılıq ideologiyası ətrafında birləşərək, uğurlu bir gələcəyə, daha sıx həmrəyliyə, Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinə çalışmalıdır. Bu, bizim amalımıza, həyat fəlsəfəmizə çevrilməlidir.

 

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik layihə qrupunun üzvü

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar