Hər gün qarşımıza yeni bir teorem çıxır, onu həll edib qurtarmamış, yenidən biri, özü də ən çətini və müşkülü peyda olur. İndi də “üzən məzənnə” .
“Məzənnə” sözünün əvvəlindəki “üzən” sözü o qədər məni tutdu ki, xeyli özümə gələ bilmədim. Gələndən sonra da xeyli güldüm, güləndən sonra da bir az sevindim. Ona görə sevindim ki, halal olsun bizim iqtisadçılara, fikirləşib çox gözəl bir termin tapıblar. Yəni, bizə çox tanış, yaxın, doğma olan bir söz həyatımıza qənim kəsilsə də, biz ondan əsla inciməyəcəyik. O, bizə nə qədər zərbələr vursa da “uf” demərik, elə bilərik başımıza tik yastıqla vururlar, özü də qu tükünün yastığı ilə. Niyə də inciyək ki...? Bu “üzən” sözü özümüzündü, gündəlik həyatımızda istifadə etdiyimiz sözdü, xoş bir “sifət”dir, həm gül balamızın gündəlik gördüyümüz sifəti, həm müəllimlərimizin hər gün sinif otaqlarında tədris etdiyi əsas nitq hissəsi olan sifətdir, Ən şirin bir kəlmədir. Qətiyyən biz “üzən” sözündən qorxmuruq. Amma “inteqrasiya”, “devalvasiya” sözləri bizi çox qorxudur. Halal olsun iqtisadçılarımızın vətənpərvərliyinə ki, onlar daha indən belə bizi qorxudan söz və kəlmələrdən istifadə etmirlər. Özümüzə yaxın olan, uzun illərdi bizimlə oturub-duran sözləri tapıb üstümüzə göndərirlər, biz də onları gülərüzlə qarşılayırıq. Düzdü, Fazil Mustafa bu sözə də ilk gündən bir ayama qoşdu, üzgüçülük dedi, amma hörmətli millət vəkilimizə demək istəyirəm ki, bu üzən sözdən “boğaz üzən” ifadəsi də düzəltmək olar. Amma devalvasiyadansa öz milli sözümüz olan “üzən” sözü bizim həm də folklorumuzdur, milli –adət ənənələrimizdir. Soy kökə qayıtmağımızdır. Qoy məni yad öldürüncə, özümünkü öldürsün.
Sağ olsun bizim iqtisadçıları ki, bu “üzən” sözü ilə bizə gizli ismarıclar da çatdıra biliblər. Yəni nə bacarırsan, üz, üz ki sahilə çıxa biləsən. Üzməsən, dərin dəryalarda məhv olacaqsan. Yəqin əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələr haradansa eşidiblər ki, biz yaxşı üzən deyilik, ona görə də bizim də üzməyimiz üçün tarixi şərait yaradıblar, biz də üzə bilək.
Bir də biz niyə bu “üzmək” haqqında pis fikirləşək? Üzməyin də iki başı var. Aşağı və yuxarı. Yuxarı üzərsən, udarsan, aşağı üzərsən məhv olarsan. Yəni heç olmasa bir yerdə dayanmaqdansa, bizə hərəkət etmək imkanı veriblər. Əgər üzmək imkanı verməsəydilər, onda halımız necə olardı?
Bu “üzmək” sözü məişətimizə daxil olub. Məsələn laləlikdə üzmək, gül-çiçək üzmək, dolların içində üzmək, çayda üzmək, görün nə qədər gözəl səslənir. Adamın lap kefi kökəlir. Özü də şairlər üçün bu söz geniş və çoxlu qafiyə materialı verir. Məsələn üzmək, süzmək, düzmək, gəzmək, əzmək, bezmək. İnanın bizim dildə “üzmək” sözü qədər qohum-əqrəbası olan söz yoxdur. Qalan sözlər bu sözün yanında kasıbdır.
Qaldı ki, kredit borclarına, onun da fikrini eləməyin, cəhənnəmə olsun, sonrası nə olar, ola. Qəti sürətdə “üzmək” sinonimi fikirləşməyin. Onsuz da kəndir də bahalandı. Üz, başına dönüm, üz. Üz də, niyə durmusan?