Uşaq televiziyası ilə bağlı qərar ilin sonunda veriləcək
12 sentyabr 2013 16:22 (UTC +04:00)

Uşaq televiziyası ilə bağlı qərar ilin sonunda veriləcək

“Azərbaycanda uşaq televiziyasının yaradılması ilə bağlı qərar bu ilin sonuna qədər Milli Televiziya və Radio Şurasında (MTRŞ) müzakirəyə çıxarılacaq”. Bunu Lent.az-a açıqlamasında MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov bildirib. Onun sözlərinə görə, həmin müzakirədə uşaq kanalının yaradılmasına müsbət qərar verilərsə, MTRŞ bununla bağlı müsabiqə elan edəcək: “Uşaq televiziyasının yaradılması prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “İnsan hüquqları sahəsində milli fəaliyyət planı”nda da öz əksini tapıb”.

MTRŞ rəsmisi yeni kanalın dövlət televiziyasının nəzdində yaradılıb-yaradılmayacağı məsələsinə də aydınlıq gətirib: “ Əgər AzTV uşaq televiziyası ilə bağlı elan olunacaq müsabiqədə iştirak edərsə və müsabiqənin qalib olarsa, o zaman həmin kanal AzTV-nin nəzdində yaradılacaq”.

Regionlarda televiziyaların yaradılmasına gəlincə, T. Məmmədov vurğulayıb ki, əgər zərurət yaranarsa, MTRŞ bununla bağlı müsabiqə elan ediləcək: “Şura regionlarda televiziyaların yaradılması siyasətini həyata keçirir”-deyə, MTRŞ-nın aparat rəhbəri əlavə edib.

Xatırladaq ki, qeyd olunan milli fəaliyyət planında Uşaq Televiziyasının yaradılması imkanlarının araşdırılması məsələsi də öz əksini tapıb. Bununla bağlı Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar