Mayın 4-də İqtisad Universiteti (UNEC) və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgiyə baxış keçirilib.
UNEC rektoru, professor Ədalət Muradov Heydər Əliyevin həyat yolunun, onun zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb: “ Heydər Əliyevin ideyaları sırasında milli mədəniyyətin ayrılmaz hissəsi olan kitabxanaların inkişafı xüsusi əhəmiyyətə malikdir. Ulu öndərin fikrincə, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov da bildirib ki, 1993-cü ildə Azərbaycanda yaranan mürəkkəb tarixi şəraitdə Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi: “ Məhz bu dövrdə Ulu Öndərin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməsi bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxanaların da məhvinin qarşısını alıb. Ulu Öndərin müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addımı ölkənin kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmasıdır”.
Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına toxunan K.Tahirov qeyd edib ki, həmin sərəncama əsasən, kitabların 25 min nüsxə tirajla çap olunaraq bütün kitabxanalara hədiyyə verilməsinin oxucuların yenidən kitabxanalara qayıtması üçün real şərait yaradıb.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəni quruculuq tədbirlərindən, kitabxana işinin təşkilinin prioritet əhəmiyyət kəsb edən, cəmiyyətin mədəni həyatına təsir edən bir amilə çevrilməsindən danışıblar.
Sonda Ulu Öndərin 3 iyun 1995-ci ildə Milli Kitabxanadakı çıxışından hazırlanan qısa film nümayiş etdirilib.