UNEC-də 20 Yanvar şəhidləri anılıb
20 Yanvar hadisələrinin 28-cı ildönümü münasibətilə UNEC-in Memorial-Xatirə Kompleksi önündə tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə universitetin kollektivi ilə yanaşı, UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri də iştirak edib.
Öncə vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov 20 Yanvarın Ümumxalq Hüzn Günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədə danışan rektor bildirib ki, hadisələrin hüquqi qiyməti məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib. Ulu Öndər öz həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və baş verən faciənin obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb tələb edib.
Şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayan rektor onları universitetin qürur mənbəyi adlandırıb.
UNEC-in əbədi tələbələri, şəhid Etibar Əliyev ilə Habil Əzizovun ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər. Onlar bu universitetin tələbəsi olmağı uşaqlıqdan arzu edən gənclərin-şəhidlərin şərəfinə ali təhsil ocağının ən görkəmli yerində xatirə kompleksinin ucaldılmasını və UNEC-in onları daim ehtiramla yad etdiyini vurğulayıblar. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qanla yazılan şərəfli tarix olduğunu bildirən şəhid ailələri dövlətin onlara göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndiriblər.
289