2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfər isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. Gənclərə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb.
Nəzərinizə çatdıraq ki, Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.