Türkiyənin Bayburt vilayətində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub.
Lent.az-ın məlumatına görə, mərasimdə Bayburt bölgəsinin çoxlu sayda ziyalıları, gənclər, jurnalistlər iştirak ediblər.Təqdimat zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri” kitabları da daxil olmaqla kitablarının təqdimatı və imzalanması olub. Bu cür gözəl tədbirin təşkili üçün Bayburta, BEKDER təşkilatına, tədbirdə iştirak edənlərə və medya mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva "bizim ailəmiz zəngin deyildi, amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu gözəl dostlarım var. Mən də çox zəngin insanam çünki sizin kimi çoxlu dəyərli dostlarım var" deyən Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından və kitablarından geniş danışaraq "Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir" deyərək qədim Bayburtun Azərbaycanda daha geniş tanıtmaq üçün “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabında Bayburtla bağlı yazısını daha da genişləndirərək Dədə Qorqud yurdumuzla bağlı ayrıca bir kitab hazırlayacağına da bayburtlulara söz verib. Millət vəkili sonra Bayburt ziyalıları, gənclərı, KİV təmsilçiləri üçün kitablarını imzalayıb. BEKDER rəsmiləri millət vəkili Qənirə Paşayevaya kitabların təqdimat və imzalanmasında iştirak üçün dəvətlərini qəbul etdiyi təşəkkürlərini bildiriblər.Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmundur. “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavabında millət vəkili Qənirə Paşayeva açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir” kitabımın 2-ci baskı ilə çap olunacağı mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.