“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” deyən ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinə də öz qayğısını əsirgəməmişdir. Uzun illərdən sonra bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində yenidən müstəqillik qazanmış Azərbaycan xalqı öz yüksək mədəniyyətini, dilini, adət-ənənəsini dünyaya tanıtmaq, Azərbaycan dövlətini dünyanın hər cəhətdən inkişaf etmiş dövlətləri sırasına yüksəlmək üçün yeni bir tarixi konyukturaya keçdi. Mədəniyyətin xalq üçün ən böyük dəyərə malik olduğunu və xalqın ən böyük sərvəti olduğunu deyən Heydər Əliyev Azərbaycan mədəniyyətini milli dövlətçilik dəyərləri əsasında beynəlxalq aləmdə tanıdılmasında çox böyük rol oynadı.
Məhz Heydər Əliyevin mədəniyyətimizin dünyada tanıdılması və inkişaf etdirilməsi istiqamətində apardığı siyasət bu gün onun adını daşıyan Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. 2004-cü ildən fəaliyyətə başlamış, Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond yarandığı gündən bir çox layihələrə imza atmış və təhsil, elm, mədəniyyət, səhiyyə, sosial və digər sahələrdə həmin layihələrin həyata keçirilməsinə nail olmuşdur.
Heydər Əliyev Fondunun mədəniyyətə ən böyük qayğılarından biri məhz Azərbaycan mədəniyyətini dünyada tanıtma imkanı yaradan müxtəlif kitabların bir çox dillərdə çap olunmasıdır. Azərbaycan muğam sənətinin dünyada tanıdılması istiqamətində "Qarabağ xanəndələri" adlı, azərbaycan, ingilis, rus, fransız dillərində olan musiqi albomunun, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "Qarabağ həqiqətləri" silsiləsinin, “Qarabağ həqiqətləri” bukletlər toplusunun, "Heydər Əliyev Fondu - 2005-2006" kitabının, Rusiyanın 20 mükafatı və 9 xarici orden ilə təltif olunmuş, rus ordusunun qocaman və adlı-sanlı alaylarına komandanlıq etmiş görkəmli həmyerlimizin həyatı və əsgəri rəşadətindən bəhs edən "Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan" kitabınının, “Fəxri xiyaban”, "Müharibə və tarixi mədəniyyət abidələrimiz", Parisdə ingilis dilində “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” və bir çox kitabların nəşri Azərbaycanın qədim tarixə məxsus mədəniyyətinin, milli mənəvi dəyərlərinin dünyada tanıdılması və eyni zamanda Azərbaycanın ayrılmaz guşələrindən biri olan Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən amansızlıqların, torpaqlarımızın işğal altında olması faktının, eləcə də işğal altında olan tarixi mədəniyyət abidələrinin məhv olunması və ya dəyişdirilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm vasitə olmuşdur.
Bundan əlavə, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində attığı ən mühüm addımlardan biri də müxtəlif ölkələrdə silsilə tədbirlərin keçirilməsidir. Bu tədbirlərdən biri də məhz 14 noyabrda Almaniyanın Ştutqard şəhərində baş tutmuşdur. “Azərbaycan gecəsi” adı altında keçirilən tədbirdə məşhur Azərbaycan musiqiçilərinin əsərləri, xalq artistlərinin ifaları və “Almanlar Azərbaycanda” adlı rəsm sərgisinin təşkili Almaniyada tarixən qədim mədəniyyət beşiyi olan Azərbaycan haqqında təəssüratların daha da dərinləşməsinə, obyektiv rəyin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Bütün bunlar sübut edir ki, yarandığı gündən etibarən Azərbaycan mədəniyyətinin inkişafına çox böyük töhfələr verən Heydər Əliyev Fondu Azərbaycan dövlətçiliyinin memarı, dünya Azərbaycanlılarının milli lideri Heydər Əliyev tərəfindən mədəniyyətin dirçəldilməsi sahəsində aparılan işləri uğurla davam etdirir, tariximizin, incəsənətimizin uğurlu təbliği istiqamətində böyük nailiyyətlərə yol açır.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı