Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi Aynel Məşədiyeva APA-ya bildirib ki, T. Hacıyev istefa ərizəsi dünən Akademiyanın prezidenti Akif Əlizadə tərəfindən qəbul olunub.
Onun sözlərinə görə, T. Hacıyevin yerinə Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu təyin edilib.
A. Məşədiyeva onu da əlavə edib ki, istefaya səbəb T. Hacıyevlə keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva arasındakı qarşıdurma olub.
Qeyd edək ki, T. Hacıyev istefası haqda xəbəri ilk olaraq aznews.az saytı yayıb.
***
12:19
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, türkoloq Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.
Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, onun istefasına səbəb institut daxilindəki münasibətlər və akademiya rəhbərliyinin müdaxilələri olub.
Bildirilir ki, T.Hacıyevin yerinə Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu təyin olunub. M.Nağısoylu vəzifəsinin icrasına gələn həftənin bazar ertəsindən başlayacaq.
Qeyd edək ki, Tofiq Hacıyev Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilmişdi. O, həm də Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiridir. 20-dən çox əsər və tərcümələrin müəllifidir.