Telefon
29 oktyabr 2015 14:09 (UTC +04:00)

Telefon

Görəsən bir gün evdən telefonsuz çıxsaq, necə olar? Şübhəsiz, hər şey alt-üst və kədərli görünər, dərin bir boşluq bizi içinə çəkib aparar. Nəinki konturun ola, saatlarla danışasan, bu, o yana dursun, hələ telefonla “vızv” atmağın  da ayrı bir ləzzəti var.

Bir sözlə, biz telefon sevən millətik. Varlığa nə darlıq, 3 dənəsini birdən götürürük. Lap kitab boyda olsun, fərq etməz, təki qonşunun  bağrı çatlasın.

 

O günü avtobusda yaşlı bir kişi telefonla danışır, hiss edirsən ki, telefonun o biri başındakı  qadındır. Qadın nə deyirsə, bu kişi də bu tərəfdən elə “mən də “ deyir. “Mən də” sözündən başqa ayrı cavabı yox idi bu kişinin. Ona görə də avtobusda cavan qızlar, oğlanlar gülüşürlər. Hələ bu harasıdır? Bu saat rüşvəti də telefonla  alırlar. Son  hadisələr göstərdi ki, burda da ehtiyatlı olmaq lazımdır, çünki  telefonun dinlənilə bilər. Ona görə də bizim  bazburutlu kişilər daha ehtiyatla iş tutmağa başlayıblar. Məsələn,  o günü bir kişi  avtobusda telefonda deyir ki, ayə, iki kilo yarım bal gətir, aparım verim zəhərlənsin. İki kilo bal onun dədəsinin dədəsinə də bəsdir. Yüz faiz bilirəm  ki, bu bal  haqq-hesabı deyil,  yüz faiz 2 min 500 dollar deməkdir.  Kişi danışıb qurtardıqdan sonra o tərəf bu tərəfə boylanır. Demək, məsələ yüz  faiz  düşündüyüm kimidir. Kişiyə yenidən  bir zəng gəlir.  O, şəhərdə  vəziyyətin ağırlığını zəng edənə elə gözəl izah edir ki, elə bil hansı qəzetəsə müsahibə verir. Sonra deyir ki,  belə ağır vəziyyətdə ancaq kitab oxumaq lazımdır,  mənə kitab göndər,  o da  deyəsən  soruşur ki,  hansı romanı göndərim, bu da deyir “Üç atılan”ı göndər.  O tərəfdəki  də deyəsən razı olmur.  Yəqin deyir ki, o kitabı keçən dəfə rayonda filankəsə verdim oxumağa. Axırda bu kişi könülsüz halda və kədərli tonda deyir ki, yaxşı, onda iki kitab göndər, Əlibala Hacızadənin  iki cildliyini. Görüm bu həftənin axırına kimi oxuyub qurtara bilərəmmi?  Özü də deyirlər biz kitab-zad oxuyan deyilik. Mən yüz faiz bilirəm ki, kişi əvvəl  üç min dollar istəyirdi, yəni  “Üç atılan” romanını, o da dedi,  yoxumdur, bu kişi də axırda iki  cildliyə - yəni 2 min dollara düşdü.

 

Oğlanlar indi qızları telefonla tuturlar. Telefonla tutulan qızın taleyi də heç vaxt yaxşı gətirmir. Ya zurnaçıya, ya da halvaçıya tuş gəlir.

O günü getmişdim həkimə, “UZİ də mənə baxdığı müddət də telefon qulağından düşmədi. Rəfiqəsi ilə axşamkı toydan danışırdı. Toy macəraları maraqlı olsa da, eynimə deyil. Əsas canımdı. Axırda qız telefon qulağında ola-ola dedi ki, öd kisəsində daş var. Dedim nə? Dedi, sənlə deyiləm - sonra danışdığı  rəfiqəsinə - hə, bəyin  qarın boşluğuna mən baxmışam,  öd kisəsində 3 dənə yekə  daşı var. Bir az sakit oldum.  Yenə qız dedi  ki, böyrəyinin biri yoxdur, dedim nə? Dedi sənlə deyiləm, - hə, bəyin böyrəyinin biri yoxdur. Prostatı  şişib, gördü ki, mən pis oldum,  yenə dedi  ki, sənlə deyiləm.

Sonra “UZİ”-nin cavabını götürüb keçdim həkimin yanına. Onun da qulağında telefon,  məni müayinə edib müalicə yazana kimi telefon qulağında oldu. O da deyəsən bağ evindəki  santexniklə  ilə danışırdı. Nə yazdı, nə pozdu heç özünün də xəbəri olmadı. Resepti götürüb getdim aptekə. Orda da qızın qulağında telefon. Xahiş elədim ki, mən dərman reaksiyasından çox qorxuram səhv verməyin. Sən öl, heç vecinə də olmadı.

Bu saat hamını başı telefonda. Başı telefona verdinsə, daha heç nə. Ölünü qoy, dirini ağla. Maşın sürərkən telefonla danışmağı qadağan etdikləri kimi, iş yerlərində də  telefona qadağa  qoyulmalıdır. Qəza təkcə maşında olmur, hətta həkimin yazdığı reseptdədə olur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar