Xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər Təhsil Nazirliyində akkreditasiyadan keçmirlər. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bu tip şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır və Nazirlik bu halda müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir.
Rusiya və Ukraynada ali təhsil almış Azərbaycan vətəndaşlarının ali təhsil haqqında sənədlərinin tanınması məsələsinə gəlincə, nazirlikdən bildirilib ki, əgər tələbə təhsil aldığı ölkənin qanunları çərçivəsində ali məktəbə qəbul olunmuşsa və ali təhsil müəssisəsi həmin ölkə tərəfindən tanınırsa, o zaman müraciət edən şəxsin ali təhsil haqda sənədləri müvafiq qaydada nostrifikasiya prosedurları keçdikdən sonra ölkə ərazisində tanınacaq.