Təhsil Nazirliyi məktəbli formalarının Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq olunmuş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”na daxil olmadığını açıqlayıb.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, məktəbli formalarının tikilməsi ilə məşğul olan təşkilatlar bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərdiyi üçün həmin qurumlara daim tövsiyə edilir ki, məktəbli formalarının hamıya münasib olması üçün onların qiymətinə maksimum diqqət yetirilsin.
Bu baxımdan Təhsil Nazirliyinin tələbi yalnız ondan ibarətdir ki, məktəbli formaları müvafiq dövlət qurumlarının müəyyənləşdirdiyi standartlara cavab versin. “Təhsil haqqında” qanuna və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi əsasında müəyyən edilir.