Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili ilə bağlı sosial xarakterli geniş təbliğat kampaniyasına başlanıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Kampaniyanın əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılmasını və gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılmasını təmin etməkdən ibarətdir. Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub.
14 nömrəli Bakı Peşə Məktəbində KNAUF şirkətinin dəstəyi ilə “Quru inşaat ustası”, 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə “Dülgər, xarrat-parket ustası” və “Eldar studio” şirkətinin dəstəyi ilə “Bərbər” ixtisası üzrə siniflər, 4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin dəstəyi ilə “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə Resurs Mərkəzi açılacaq.
İlin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani) şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin açılması nəzərdə tutulub. Resurs Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi veriləcək. Qeyd olunan mərkəzdə təhsil prosesinin təşkilində beynəlxalq ekspertlər də iştirak edəcək.
Azərbaycanda fəaliyyət göstərən 107 ilk peşə-ixtisas təhsili müəssisəsinin müasir tələblərə cavab verən səviyyədə inkişafı üçün peşəkar müəllim kollektivinin və yeni texnologiyalara əsaslanan maddi-texniki bazanın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulub.