Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib
17 yanvar 2018 16:48 (UTC +04:00)

Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

 

Təhsil Nazirliyi tərəfindən Quba rayonuna mediatur təşkil edilib.

 

 

APA-nın şimal bürosunun xəbərinə görə, mediaturun məqsədi bölgələrdə inşa edilən modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.

 

 

Media nümayəndələri Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar. Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. Məlumat verilib ki, bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib, cari ildə də bu işlər davam etdiriləcək. Modul tipli məktəblərin üstünlüyü onların az məsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

 

 

Media nümayəndələrinə məlumat verilib ki, bu məktəbdə təhsil alan İsmət Ağayev 2015-ci ildə Riyaziyyat üzrə Respublika fənn olimpiadasında birinci yerin qalibi olub.
 


Qeyd edək ki, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı sosial infrastrukturla bağlı ciddi addımlar atıldığını deyib. O bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. 2018-ci ildə sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək, yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369
avatar

Oxşar yazılar