“Ötən dərs ili ərzində Bakı məktəblərində müxtəlif statistik hesabatların qəbulu və ümumiləşdirilməsinə xüsusi fikir verilib”. Bu barədə Lent. az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. İcbari orta təhsil pilləsini başa vurub X sinifdə oxuyan şagirdlərin hərəkətləri izlənilib və tənzimlənib. Yersiz yerdəyişmələrin qarşısı alınıb.
2012-2013-cü dərs ilində gündüz ümumtəhsil məktəblərində I - IV siniflər üzrə 5513 sinifdə 130137 nəfər şagird, V - IX siniflər üzrə 6235 sinifdə 141570 nəfər şagird və ümumilikdə I - XI siniflər üzrə 13637 sinifdə 314563 nəfər şagird komplektləşdirilib.
Məktəb şəbəkəsinin tərtibində əvvəlki illərdə yol verilmiş ciddi nöqsanların qarşısını vaxtında almaq üçün bütün məktəblərdə şagird siyahısı yoxlanılıb, Təhsilin İdarə olunmasının Məlumat sistemləri sektorunun köməyi ilə eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi halları aradan qaldırılıb. Ayrı-ayrı məktəblərdə paralel siniflərin açılması məqsədilə şagird sayının süni surətdə şişirdilməsinin, yarımqruplara bölmək üçün paralel siniflərdə şagirdlərin saxta yolla bir sinifdən digərinə keçirilməsinin qarşısı alınıb.