“Bu il Bakı şəhər məktəblərində I sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimat məktubuna uyğun olaraq aparılıb”. Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı bildirib. Müdir əvəzi qeyd edib ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. “2012/2013-cü dərs ilində I sinfə 36431 nəfər şagird qəbul olunub. 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir. İstər Nazirliyə, istərsə də BŞTİ-yə I sinfə şagird qəbulu ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlərdə müsabiqə şərtləri, məktəbdə artıq yerin olmaması və sairə səbəblər əsas gətirilərək vətəndaşlar incidilir”.
M. Bayramov onu da vurğulayıb ki, bu da təhsil sistemi barədə xoşagəlməz fikirlərin yaranmasına şərait yaradır: “Belə xoşagəlməz halların qarşısının alınması üçün hesab edirik ki, ilk növbədə I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır. Yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə əsasən baxmaq olar”.