Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Aşura günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Stansiyanın baş həkimi Rauf Nağıyev Lent.az-a açıqlamasında bildirib ki, paytaxtın bütün məscid, ibadət məkanlarının hər birinə 1, Təzəpir məscidinə 2 təcili yardım briqadası göndərilib: "Ərazi poliklinika həkimləri, Qanvermə İnstitutunun əməkdaşları da məscidlərdədir. Hələ ki, hər şey normal qaydasında gedir, halı pisləşən, narahatlıq doğuran fakt yaşanmayıb. Yaşanarsa, zəruri hallarda onlara yardım etməyə tam hazır vəziyyətdəyik”.
Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmağa münasibət bildirən Rauf Nağıyev əhaliyə bununla bağlı çağırış edib: “Ümumiyyətlə, insanın özünə xəsarət yetirməsi düzgün deyil, bu, Quranda da qeyd edilib. Həkim mövqeyindən də yanaşaraq deyə bilərəm ki, bunu etmək doğru sayılmır. Əgər sən imanını yerinə yetirmək istəyirsənsə, buyur, gəl, qan ver, verdiyin qanla hansısa xəstə insanın sağalmasına yardım edərək daha çox savab qazanarsan, bədənindən qan çıxararaq deyil”.