<b>Təbriz küçəsi əsaslı şəkildə yenidən qurulur - <span style="color:red;">FOTO </b>
07 fevral 2018 14:47 (UTC +04:00)

Təbriz küçəsi əsaslı şəkildə yenidən qurulur - FOTO

0

Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsi əsaslı şəkildə yenidən qurulur. Lent.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadən məlumatına görə, küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində 35 min kv.m-dən çox sahədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu və kipləşdirmə  işləri aparılır, yol ayrıcı və piyada səkiləri bərpa olunur, kənarlarında köhnə səki daşları sökülərək yeniləri ilə əvəz olunur. Artıq yol boyu 3 min p-metrə yaxın yeni səki daşı düzülüb. Ümumilikdə isə 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

 

Təmir-tikinti layihəsi ilə küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, zəruri yerlərdə yeni sistem qurulacaq, yeni yağış barmaqlıqları və kommunikasiya xətlərinin baxış qapaqları qoyulacaq. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənəcək, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılacaq.

 

Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar