Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən üfüqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Agentlikdən Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma bu gün axşam saatlarınadək qüvvədə olacaq.
Bundan başqa bu gün axşam saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.
Aparılan işlərlə əlaqədar olaraq sözügedən yollarda hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək qüvvədə olacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən qeyd olunan işləri nəzərə alaraq sözügedən istiqamətlərdə diqqətli olmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməklərini tövsiyə edir.