Bilmirəm, nəyə görə və niyə, nədən, bu saat, bu dəm yadıma keçmiş düşür. Keçmiş niyə bu qədər şirindi. Bəlkə elə keçmiş “ keçmiş” olduğuna görə, bu qədər əzizdi. Bilsəniz, nəyin həsrətini çəkirəm, lap mənə gülərsiniz. Mirzə Ələkbər Sabir demiş:
“Ah, olaydı keçmişdəki “indi”lər”.
İnanın, mən bu saat o gündəyəm. Hə, mən nəyin həsrətini çəkirəm? Orta məktəbdə oxuyanda hər şey dadlı idi. Heç iydə ağacının çiçəyi yadınızdadır? Ayran, nehrə yağı, yadınızdan çıxmayıb ki? Bəlkə, unutdunuz?
Biz orta məktəbin 7-ci sinfində oxuyanda Əliqulular kəndindən gələrdik İmişliyə, ordan minərdik qatara, gələrdik vağalda sosiska yeməyə. Vağzaldan başqa heç hara getməzdik, çünki şəhəri tanımırdıq. Hardadı o vağzal, o sosiskanın dadı, 1 manata 3 sosiska, kakao, onun ətri... Hə, gülməyin mənə, o sosiskanın həsrətini çəkirəm. O sosiskada tələbəliyim, ilk şeirim və onun qonorarı, tələbə və kino biletim, yataqxana həyatım vardı. İndiki kirayələr, yataqxanalar ondakı kimi şirin deyil. “Azərbaycan” jurnalı 100 min, “Ulduz” 80 min tirajla çıxırdı , ilk kitabım sayı 15 min, ikinci kitabım 10 mindən çox idi və bir manata 3 sosiska bir kakao, 2 qəpiyə “Azərbaycan gəncləri “ qəzeti və həmin qəzetdə şəklim və şeirim vardı. 2 qəpiyə küçə telefonları üzümüzə gülürdü.
“Sahil” bağının hər iki başında köşk vardı, o köşklər bu gün mənim bayaq saydığım dürlü detallarla zəngin olan keçmişimi söyür. Hər dəfə iş yerimə - Azərbaycan Yazıçılar Birliyinə daxil olanda və çıxanda bu köşklərin qarşısında köks ötürürəm. Yadıma keçmişdəki qəzet köşkləri düşür. Başdan ayağa qəzet, qələm, dəftər olan keçmişin xatirəsi önündə dayanırmış kimi bu gün qəzet köşkləri adı ilə açılan bu marketlərin qarşısında başımı aşağı salıram. Bu köşklər əslində marketdir, ticarət mərkəzidir. İki-üç qəzeti qoyublar üst-üstə, onun arxasında bir super marketdə nə satılırsa hələ onun statusundan da artıq şeylər satılır. Satıcıdan qəzet soruşanda çaşır, çünki qəzetlərdən onun xəbəri yoxdur.
Hansı qəzetin adını deyirsən o saat “yox” deyir. Hətta satıcılar qəzet soruşana gülür.
- Siz də “Azərbaycan” jurnalı var?
- Yox
- “Ulduz” jurnalı var?
- Yox, onlar biz də olmur.
- Heç olmayıb?
- Olmayıb, birinci dəfə eşidirəm adlarını.
Bəlkə də, satıcı elə bilir ki, mən ondan xarici mal soruşuram, siqaretlər, konturlar, dürlü-dürlü saqqızlar, peçenyelər, sular və başqa adını bilmədiyim əşyalar köşkü başına götürüb.
Satıcı jurnal və qəzet adına olan şeylərə “yox” deyəndən sonra bir az başımı irəli uzadıb içəri baxıram. Lap kənarda üstünə xeyli iri bağlamalar yığılmış “Azərbaycan” jurnalını rəngindən tanıyıram. “Azbay” yükün altında qalsa da, “can” sözü özünü güclə kənara çıxarda bilib.
Mənim “can” sözünə yazığım gəlir. Sanki o mənim satıcıya verdiyim sualları eşidib, məni tanıdı, ona görə də üstünə yığılmış ağır yüklərin altından mənə “can” deyir.
Bəli, köşk adı ilə açılan bu marketlərdə içində qəzet və jurnaldan başqa hər şey satılır. Mədəniyyətimiz onun ağırlığı altında can verir. Onun canına can verən heç kəs yoxdur.
Yenə də keçmiş düşür yadıma. Keçmişin qəzet köşkləri mənə əl eləyir, iydə çiçəyi kimi.