Fevralın 13-ü axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə güclü qar yağır. Lent.az-ın Region TV-ə istinadən məlumatına görə, Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, artıq dağlıq ərazilərdə qarın hündürlüyü 10 santimetrdən çoxdur. Ən çox yağıntı isə Qubanın Xınalıq (14 sm), Nohur (23 sm), Təngəaltı (17 sm), Qrız (10 sm), Rük (10 sm), Qonaqkənd (21 sm) kəndlərinə, eləcə də Xızının Altıağac (15 sm) qəsəbəsinə düşüb.
Qusar və Quba şəhərlərində isə qarın hündürlüyü 2-5 santimetrə çatır. Qarın yağması ilə əlaqədar şimal regionunda hava kəskin soyuyub, dağlıq ərazilərdə temperatur mənfi 7 dərəcəyədək aşağı düşüb.
Qarın yağması Quba və Qusarın ucqar kəndlərinə gedən yollarda problem yaratmayıb. Bütün istiqamətdə magistrallar açıqdır və yollarda yol istismarı idarələrinin növbətçi briqadaları xidmət aparırlar.
Şabran, Siyəzən və Xaçmaz rayonları ərazisində qarın yağması müşahidə olunmayıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən qarlı hava şəraitinin fevralın 14-dək davam edəcəyi bildirilib.
Fotolar AzərTAc-ındır.