AKP hökumətinin 2012-dən start verdiyi "kürd açılımı" siyasəti iflasa uğradı. Ankaranın bu üç il ərzində həyata keçirmək istədiyi xoş niyyətli planları da boşa çıxdı. Hətta Türkiyə tarixində ilk dəfə ölkə əhalisinin kürd kəsiminin partiyası sayılan HDP-nin baryeri aşaraq parlamentə girməsi də bu prosesi mədəni-siyasi müstəviyə çıxara bilmədi.
Ölkənin bir neçə bölgəsində polis və hərbçiləri öldürən, qarşıdurmalar yaradan terrorçulara açıq haqq qazandıran HDP millət vəkillərinin hərəkətləri və açıqlamaları bunu bir daha təsdiq edir. Bu açılımı baş nazir kimi başladan və dəstəkləyən Rəcəb Tayyib Ərdoğanın artıq prezident kimi "bu siyasət bitmişdir, parlament terroru və terrorçuları dəstəkləyən üzvləri barədə tədbir görməlidir" ismarıcı isə son nöqtə kimi dəyərləndirilməlidir. Ölkədə siyasi proseslərin hansı istiqamətdə davam edəcəyini zaman göstərəcək. Amma görünən odur ki, bundan sonra biz daha Ankaradan "yumşaq mesajlar" eşitməyəcəyik. Bu səsləri İraq, Suriya və Türkiyənin cənub-şərqində "F-16"ların çıxardığı səslər əvəzləyəcək...