Xocavənd rayonunda “Heç kim unudulmur, heç kəs yaddan çıxmır”! vətənpərvərlik mövzusunda növbəti sənədli filmin təqdimatı olub. Lent.az-ın məlumatına görə, Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan film Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən və canlarını torpaqlarımız uğrunda şəhid olmuş Ağdaşdan olan həmvətənlərimizin əziz xatirəsinə həsr olunub.
Təqdimat mərasimində Xocavənd və Ağdaş rayonlarından olan müharibə veteranları, əlillər, şəhid ailələri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Ağdaş rayon müharibə veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin sədri İsmayıl Xudiyev, Xocavənd batalyonunun sabiq komandiri Əbülfət Hüseynov, birinci qrup müharibə əlili Ağdaş rayon sakini Etibar Məmmədov çıxış edərək təklif və təəssüratlarını bildiriblər.