Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun yaradılması” mövzusunda seminar keçirilir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə məqsəd BƏT-in dəstəyi ilə bir sıra Avropa ölkələrində sosial tərəfdaşlar arasında mövcud olan üçtərəfli komissiyaların fəaliyyəti ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq, ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təşkili sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən etməkdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hökumət, həmkarlar və işəgötürənlər arasında sosial tərəfdaşlıq sisteminin institusional struktur vahidi kimi formalaşdırılması, yəni Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması məsələsinin gündəlikdə olduğunu deyib.
S. Müslümov bildirib ki, mütərəqqi dünya təcrübəsində bununla bağlı çoxsaylı nümunələr var: “Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda, o cümlədən Avstriya, Fransa, Belçika, Bolqarıstan, İtaliya, Çexiya, Finlandiya, Litva, Yunanıstan, Macarıstan və s. ölkələrdə, habelə qardaş Türkiyədə, MDB dövlətlərindən Rusiya, Moldova və Ukraynada da belə üçtərəfli komissiyalar mövcuddur. Təbii ki, bu qurumlar öz ölkələrində sosial-iqtisadi siyasətlərin hazırlanması və uğurla icrasına, əmək və sosial hüquqların təmin olunmasına fəal dəstək verirlər”.
Üçtərəfli Komissiyanın əmək münasibətlərinin tərəfləri (dövlət, işəgötürənlər və işçilər) arasında daha səmərəli əlaqələndirmə üçün mühüm vasitə olduğunu bildirən nazir əlavə edib ki, ölkəmizdə hər üç tərəfin yüksək nümayəndəli orqanı (Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası) var: “Bu orqanlar arasında hər üç ildən bir bağlanan Baş Kollektiv Sazişlərdə onların öhdəlikləri müəyyən edilir. Bu öhdəliklərin daha uğurlu icrası üçün tərəflər arasında əlaqəli fəaliyyətin gücləndirilməsi vacibdir və Üçtərəfli Komissiyanın yaradılması bunun üçün mühüm vasitə olacaq. Komissiyanın yaradılmasında əsas məqsəd ölkədə sosial-iqtisadi siyasətin aparılmasında razılaşdırılmış ümumi prinsiplərin müəyyən olunması üçün təkliflər verilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi və sosial sabitliyin daha da möhkəmlənməsi üçün sosial dialoqun inkişafına dəstək verməkdir”.
Nazir bildirib ki, Komissiya kollektiv danışıqların aparılması, növbəti Baş Kollektiv Sazişlərin layihələrinin hazırlanması üzrə işlərin əlaqələndirilməsi, məşğulluq, sosial təminat sahələrində qanunvericilik layihələrinin hazırlanmasında, habelə beynəlxalq əmək normalarının ratifikasiyası və tətbiqində məsləhətləşmələrin aparılması, sosial-əmək münasibətlərinin tənzimlənməsinə yardım edilməsi və s. vəzifələri yerinə yetirəcək.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qeyd edib ki, Üçtərəfli Komissiyanın nəticə etibarilə korporativ sosial məsuliyyətin formalaşdırılması üçün sosial dialoqun gücləndirilməsində mühüm vasitə olacaq və insanların gələcəkdə layiqli pensiya təminatı hüquqlarına sahib olmalarına da müsbət təsirini göstərəcək.
AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində səylərini artırmağa hazır olduğunu qeyd edib. O bildirib ki, əmək və sosial hüquqların təmin olunmasında sosial tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bunun üçün ən yaxşı alət kimi Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın formalaşdırılması vacibdir.
BƏT-in idarəetmə məsələləri üzrə depertament direktorunun müavini Kamran Fənnizadə sosial tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasının sosial-əmək münasibətlərinin arzuolunan səviyyədə tənzimlənməsi üçün mütərəqqi təcrübədə sınaqdan çıxmış uğurlu vasitə olduğunu bildirib.
Müzakirələrin yekunu olaraq, ölkədə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasının sosial tərəfdaşlar tərəfindən dəstəklənməsi, Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsinin proporsional əsaslarla həyata keçirilməsi ilə bağlı səylərin artırılması, BƏT tərəfindən bu Komissiyanın yaradılması üçün texniki dəstək göstərilməsi barədə qərar qəbul olunacağı gözlənilir.