Səbail RİH-dən əsgərlərimizə böyük hədiyyə
26 iyun 2013 14:20 (UTC +04:00)

Səbail RİH-dən əsgərlərimizə böyük hədiyyə

Səbaillilər Azərbaycan Ordusunun 95 illik yubileyini cəbhə bölgəsində qeyd edib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, RİH rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gedib. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırıblar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli gənclərlə də görüşüb, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanıb.

 

 

Hərbi hissədəki əsgər kazarmalar və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra  şəxsi heyət ilə keçirilən görüşdə çıxış edən Səbail RİH başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Tədbirdə iştirak edən Tərtər RİH başçısı Ceyhun Cəfərov da əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib.

 

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü münasibəti ilə keçirilən tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib.

 

Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib. Sonra respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunub.

 

Daha sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib Səbail rayon İcra Hakimiyyətinə və  incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub. Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və o Səbail RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıb.

 

Bundan başqa cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri rayon ilə çox   dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olub. Bu tədbirdə iştirak edən Səbail və həmçinin Bərdə rayonu İcra Hakimiyyətlərinin rəhbərliyi və ictimaiyyət nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar