"Bakı Metropoliteni" son zamanlar sərnişinləri üçün bir-birindən fərqli sürprizlər hazırlayır. Əvvəl sərgi, sonra canlı musiqi, bu gün isə Şaxta baba və Qar qız. İşin əyləncəli tərəfi də onda idi ki, Şaxta baba metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız isə qurumun marketinq şöbəsinin rəisi Lala Babayeva idi.
Şaxta babayla Qar qız “28 May” metrostansiyasında qatara minərək stansiya-stansiya gəzir, rastlaşdığı uşaqlara müxtəlif hədiyyələr verirdi. Uşaqlar da öz növbəsində Şaxta babaya bildikləri şeirləri söyləyirdilər.
Şaxta babanın ən balaca nəvəsi isə 3 aylıq Duyğu bala oldu. Nə baş verdiyini anlamayan Duyğu Qar qızın qucağında sakitcə oturub, ətrafında baş verənləri izləyirdi.
"Bakı Metropoliteni" ASC-nin “28May” stansiyasında başlayan tədbir balacalar üçün nəzərdə tutulsa da, Şaxta babayla Qar qız böyükləri də sevindirdi. İlk dəfə metroda Şaxta baba görənlər çox sevindiklərini deyirdilər. Övladı olan övladı üçün, nəvəsi olan nəvəsi üçün müxtəlif hədiyyələr alır, metrodan gülərüz ayrılırdılar.