Bu gün prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısına əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev adına istirahət parkında yaradılan şərait barədə məlumat verilib.
Yenidənqurma işləri çərçivəsində parkın ərazisi 1,5 hektar genişləndirilərək 4 hektara çatdırılıb. Müasir səviyyədə qurulan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait var. Burada xüsusi dörd guşə tikilib, oturacaqlar qoyulub, diametri 42 metr olan musiqili fəvvarə yenidən qurulub, geniş yaşıllaşdırma işləri görülmüş, drenaj sistemi yaradılıb. Parkda 5 min nəfərlik konsert meydanı və attraksionların quraşdırıldığı sahə var. Prezident İlham Əliyev rayonda görülmüş işləri əks etdirən stendlərə baxıb.
Sonra dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edək ki, Mərkəzin inşasına ötən ilin noyabrında başlanılıb. Binanın ümumi sahəsi 5,2 min kvadratmetrdir. Üçmərtəbəli binanın birinci mərtəbəsində internet kafe və rəqs studiyası, konfrans zalı və müasir akustika sistemi ilə təchiz edilmiş 3D kinozalı fəaliyyət göstərir. İkinci mərtəbədə Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyevin Sabirabad və rayon sakinləri haqqında fikirlərinin əks olunduğu stendlər quraşdırılıb. Buradakı ekspozisiya zalında fotolar və Heydər Əliyevin təhsili, fəaliyyəti ilə bağlı digər sənədlər böyük maraq doğurur. Binanın 1094 kvadratmetr sahəsi olan ekspozisiya zalında dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları sərgilənir. Zalda müxtəlif bölmələrdə Heydər Əliyevin uşaqlıq, gənclik, tələbəlik, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdəki fotoları maraqla qarşılanır. “Heydər Əliyev və Sabirabad. 1970-1998-ci illər” bölməsində dahi rəhbərin bu rayona səfərlərini əks etdirən fotolar yer alıb.
Mərkəzdəki “Azərbaycan dövlətçiliyi tarixi kabineti” də diqqəti cəlb edir. Burada ən son elmi-texniki nailiyyətlərə əsaslanan sistem və avadanlıq quraşdırılıb. Ekspozisiya zalında prezident İlham Əliyevin Sabirabada səfərləri və siyasi fəaliyyəti əks olunan fotoguşə də var. Mərkəzdə səyyar sərgi zalı dv fəaliyyət göstərəcək. Burada rayonun rəssamları əsərlərini sərgiləyəcəklər. Mərkəzin 330 yerlik böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan var. Zal bütün zəruri avadanlıqla təchiz edilmişdir. Mərkəzdə dizayn, rəsm və şahmat otaqları, həmçinin elektron kitabxana, fotostudiya və linqafon sinfi də fəaliyyət göstərəcək.
Prezident Heydər Əliyev Mərkəzində yaradılmış şəraitdən razılığını bildirib.