Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına qəbul elan edildi
28 iyun 2013 14:42 (UTC +04:00)

Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına qəbul elan edildi

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edib.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, filologiya, rus dili və ədəbiyyatı, beynəlxalq münasibətlər, regionşünaslıq (rus bölməsi) ixtisasları üzrə bakalavr və ya digər ali təhsili olan, orta qiymət balı 4-dən (100 ballı şkalada 70-dən) aşağı olmayan və ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün qəbul imtahanının nəticələrinə görə ümumi balı 75 (ixtisas üzrə 25) və daha çox olan Azərbaycan vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinin müvafiq  filologiya və beynəlxalq münasibətlər ixtisaslarını da seçə bilərlər.

 

Ali təhsil müəssisələrinin magistrantları və magistr təhsili olanlar və hərbi çağırışdan möhlət hüququ olmayanlar bu seçimdə iştirak hüququna malik deyillər. Bu ixtisasları seçmiş bakalavrlar (oğlanlar) hərbi çağırışdan möhlət hüququ haqqında sənədi iyulun 1-də saat 9-dan 13-dək TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasına təqdim edib qeydiyyatdan keçməlidirlər.

 

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib) və ildə bir dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar.

 

Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Təhsil Nazirliyinə təqdim olunacaq. Azərbaycan vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinə qəbul olunduqları təqdirdə 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının vakant yerləri olan ixtisaslaşmalarına əlavə yerləşdirmədə iştirak etmək hüququnu itirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar