Millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın fəal ictimai qadınları, təşkilat və QHT rəhbərləri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı Q.Paşayeva Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, xüsusən də parlamentlərarası əməkdaşlığımızın daha da genişlənməsinin məmnuniyyətverici olduğunu vurğulayıb. Millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.
Müzakirələr zamanı Q.Paşayeva ölkəmizin hazırki iqtisadi vəziyyəti, Azərbaycanda qadınların cəmiyyətdə geniş rolu, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətlərdə gördüyü işlər haqqında geniş məlumat verib. Millət vəkili görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlar da verərək Azərbaycanın ədalətli mövqeyini onların diqqətinə çatdırıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı danışıb.