105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Xatınlı kəndinin sakinləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 ildə deputatlıq fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb.
“Bu 10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım”, - deyən Q. Paşayeva bu illər ərzində tovuzluları, o cümlədən Xatınlı kəndini narahat edən bir çox problemlərin öz həllini tapdığını deyib. Q. Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işlər barədə məlumat verib.
Q. Paşayeva bildirib ki, 10 illik fəaliyyəti dövründə Xatınlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.
O, gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr nəticəsində Xatınlı kəndi də daxil olmaqla Tovuzdan hər il ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb: “Rayondan Ali Hərbi Məktəbə və Hərbi Liseyə daxil olan gənclərin sayı ilbəil artır. Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu, bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə ən yaxşı gənclərimiz arasında hərbi məktəblərə üz tutanların sayının artması çox vacibdir və Tovuz gənclərinin bu istiqamətdə uğurları bizi sevindirir”.
Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da artması istiqamətində Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin də böyük rol oynadığını deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, onlara təqdimat mərasimlərinin təşkil olunduğunu və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Qənirə Paşayeva gələcəkdə də torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımız haqqında bu işlərin davam etməsinin zəruriliyini vurğulayıb. Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Q. Paşayeva bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.
Görüşdə çıxış edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, səs verəcəklərini deyiblər. Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemləri də dinləyib və qaldırılan təkliflərlə bağlı hökumət qurumlarına müraciət edəcəyinə söz verib. O bildirib ki, kəndin içməli su məsələsinin yaxşılaşdırılması üçün bir neçə dəfə "Azərsu"ASC-nin sədri Qorxmaz Hüseynov ilə müzakirə aparıb. Q. Paşayeva “Azərsu” rəhbərinin kəndə yeni su xəttinin çəkilməsi layihəsini hazırlamaq üçün Bakıdan bir qrup da göndərdiyini və məsələnin gələn il içərisində həllini tapacağını söyləyib.
Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə müzakirələr apardığını deyib.
Q. Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili həmçinin kənddə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Q. Paşayeva bir sıra şəhid ailələri və müharibə veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.