Millət vəkili Qənirə Paşayeva Türkiyə Polis Məktəbində Azərbaycan və Türk dünyası ilə bağlı konfrans verib. Lent.az-ın məlumatına görə, çıxışında millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra bu məsələlərə beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb.
Q.Paşayeva bildirib ki, Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanaşmada daha aydın görünür: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.
Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən Q. Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Polis Məktəbinin rəhbərliyi və Ərzurum millət vəkili İbrahim Aydemir çıxış edərək millət vəkili Q.Paşayevaya təşəkkür ediblər.
Q.Paşayeva tədbirdən sonra Polis Məktəbinin rəhbərliyi və müəllimləri ilə geniş fikir mübadiləsi də aparıb.