Mmillət vəkili Qənirə Paşayeva Trabzon bələdiyyə başçısı Orhan Fevzi Gümrükçüoğlu ilə görüşüb. Lent.az-ın məlumatına görə, Trabzon bələdiyyə başqanı torpaqlarını işğaldan azad etmək yolunda haqlı davasında hər zaman Azərbaycanın yanında olacaqlarını deyib.
Görüş zamanı qədim Trabzonu Azərbaycanın bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva yaxın zamanlarda Trabzonun mərkəzi parklarından birinə “Qarabağ” adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə isə Azərbaycan adının veriləcəyinə inandığını deyib.
Millət vəkili bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb.
Trabzon bələdiyyə başqanı qardaş bələdiyyələr məsələsi ilə bağlı addımlar atılacağını, Qənirə Paşayevanın Trabzonda Azərbaycan küçəsi, Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirib.
Orhan Fevzi Gümrükçüoğluna müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Trabzonun da yer alacağını qeyd edib. Trabzon bələdiyyə başqanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili onu Azərbaycana dəvət edib.
Q.Paşayeva bələdiyyə başqanına və bələdiyyə məclis üzvlərinə həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imzalı hədiyyə edib.