Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Kastamonu Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirib. Lent.az-ın məlumatına görə, millət vəkili yüzlərlə gənc və müəllimin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.
Tədbirin açılışında Kastamonu Universitetinin rektoru Prof.Dr. Seyid Aydın çıxış edərək Xocalı soyqırımından danışıb.
Millət vəkili Xocalı soyqırımı zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb.
Gəncləri sosial mediyada daha da aktiv olmağa, dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdırmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağa çağıran millət vəkili çıxışını “inşallah, gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib.
Tədbirdə Kastamonu Universitetinin rektoru və universitet rəsmiləri çıxış edərək Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıb və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.
Millət vəkili Q. Paşayeva müəllimlərə və gənclərə Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu, həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imzalı hədiyyə edib.
Millət vəkili Q.Paşayeva konfransdan sonra Kastamonu Türk və Ülkü Ocaqlarının rəsmiləri,QHT və KİV rəhbərləri, gənclər və qadın təşkilatları ilə də görüşüb fikir mübadiləsi aparıb, jurnalistlərin suallarını cavablandırıb, KİV-lərə Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı geniş müsahibələr verib.