Türkiyədə səfərdə olan millət vəkili Q.Paşayeva Ədirnə valisi Günay Özdemir ilə görüşüb.
Lent.az-ın məlumatına görə, İstanbul Türk Ocaqları rəhbəri Cezmi Bayram və Ədirnə Türk Ocaqları rəhbəri Yakup Öz, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Qənirə Paşayeva vali ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Ədirnənin mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, orada abidə ucaldılacağına inandığını deyib.
Ədirnədə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Ədirnə valisi Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
Vali Qənirə Paşayevanın qədim Ədirnədə Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərin həllini tapacağını deyib.
Millət vəkili Ədirnədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı geniş məlumatlar verib və tələbələrin ortaya çıxan problemlərinin həllində validən yardım istəyib.
Bütün müsəlman Şərqində ilk cumhuriyyətin Azərbaycanda qurulduğunu və bu il onun 100 illiyi olduğunu deyən millət vəkili Q.Paşayeva bununla bağlı qədim Ədirnədə də böyük tədbirlərin keçirilməsi təklifi ilə çıxış edib.