Bu gün Milli Məclisdə "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva soyqırımın dünyada daha geniş tanıdılması istiqamətində bir sıra təkliflərlə çıxış edib. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili Xocalıda mülkü və insan hüquqları pozulmuş, işgəncələrə məruz qalmış vətəndaşların Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərinin artması istiqamətində işlərin genişlənməsinin vacib olduğunu deyib: “Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı Avropa Məhkəməsinin qərarı hüquqi olduğu qədər böyük siyasi gücə malikdir. Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmə imkanlarının geniş olmaması bizi ruhdan salmamalıdır və bütün imkanlardan istifadə edərək Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün yorulmadan işləmələyik”.
Millət vəkili ölkədə Xocalı soyqırımı ilə bağlı xüsusi məhkəmənin keçirilməsinin vacibliyinə də toxunaraq bildirib ki, bu, beynəlxalq aləmdə də ciddi rezonans doğura bilər: "Hərbi prokurorluğun, beynəlxalq təşkilatlarda təmsil olunan millət vəkillərinin, QHT təmsilçilərinin iştirakı ilə bir işçi qrupunun yaradılması da vacib məsələdir. Belə olarsa, beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndələri Ermənistanın Xocalıda məhz soyqırım törətməsi barədə fikirlər səsləndirən zaman bu arqumentlərə qarşı səslənən bütün fikirlərə tutarlı cavablar verə bilərlər”.
Millət vəkili bildirib ki, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri təmsil olunduqları beynəlxalq təşkilatda Xocalıda oyqırımına məruz qalan insanların yaxınları, hər iki valideynini itirmiş uşaqların iştirakı ilə dəyirmi masaların, görüşlərin, mətbuat konfranslarının keçirilməsinə və onların səsinin daha çox duyurulmasına çalışmalıdır: “Beynəlxalq təşkilatlarda belə bir təcrübə var ki, hər hansı bir millət vəkili, komitənin dəvəti ilə ağır faciə ilə üzləşmiş bölgələrin nümayəndələri, təmsilçiləri, QHT-ləri dəvət olunur və onlarla görüşlər keçirilir. Gündəlikdə olmasa da, beynəlxalq təşkilatın qərargahında keçirilən toplantılar, verilən mesajlar məsələnin daha geniş ictimailəşməsinə səbəb olur. Biz də bir təcrübədən istifadə edərək xocalıların beynəlxalq təşkilatlarda öz səslərini daha geniş duyurmalarına böyük önəm verməliyik".