Qənirə Paşayeva Türkiyədə Xocalıya aid konfransda iştirak edib
19 fevral 2016 11:57 (UTC +04:00)

Qənirə Paşayeva Türkiyədə Xocalıya aid konfransda iştirak edib

0

 

Türkiyənin İzmir şəhərində Azərbaycan Kardeşlik və İşbirliyi Dərnəyinin təşkilatçılığı ilə “Türk-Ermeni ilişkileri ve Hocalı” adlı konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransda rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər.

 

Xocalı Soyqırımı ilə bağlı sənədli filmin nümayiş edilməsindən sonra tədbirin açılışında çıxış edən tədbirin təşkilatçısı Azərbaycan Kardeşlik və İşbirliyi Dərnəyinin rəhbəri, Dr. Asif Qurban, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr. Nəcibə Nəsibova,  Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun rəhbəri, Prof. Dr. Metin Ekici  Xocalı  Soyqırımı  ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar.

 

İzmir Ekonomi Universitetinin müəllimi,Dr.Vəfa Qurban, Bilkent ve Melbrun Universitetinin alimi Prof. Dr. Jeremy Salt qondarma erməni soyqırımı iddialarının yalan olması, tarixdə ermənilərə qarşı bir soyqırımın olmaması, erməni terror dəstələrinin  türk  insanına  qarşı  həyata  keçirdiyi soyqırımlar barədə geniş məruzə ilə çıxış ediblər.

 

Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına son günlər Türkiyədə terror hücumları, hadisələri zamanı şəhid olan insanlarımızın ailəsinə və qardaş Türkiyəyə başsağlığı verərək başlayıb: “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Sevincimiz də, acımız da ortaqdır. Qardaş  Türkiyədə şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyir və terroru lənətləyirik. Hər zaman bütün məsələlərdə, o cümlədən terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq”.

 

Ziyalıların, yerli sakinlərin, KİV təmsilçilərinin iştirak etdiyi konfransda Qənirə Paşayeva erməni işğalçıların tariximizi silmək üçün orada yerləşən mədəniyyət və   tarixi abidələrimizi  məhv etdiklərini d\ qeyd edib: “Və dünya buna göz yumur.  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.

 

Millət vəkili çıxışında bildirib ki, Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı  tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır”.

 

Q. Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

 

Sonda çıxışçılara təşkilatçılar tərəfindən plaketlər hədiyyə olunub. Tədbirin keçirildiyi İzmir Sənət Mərkəzində Azerbaycan Kardeşlik və İşbirliyi Dərnəyinin təşkilatçılığı ilə İzmirdə yaşayan istedadlı gənc rəssam Gülnarə Muxtarova  Xocalı, Qarabağ mövzusuna aid əsərlərinin sərgisi də keçirilib. “Qarabağ müharibəsi əlillinin övladı olduğunu”, deyən rəssam G. Muxtarova bildirib ki, hər bir Azərbaycanlı, hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha geniş yayılması istiqamətində fəal olmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar