Millət vəkili Q.Paşayeva AŞPA-nı Suriya və İraqdan köçkün düşmüş insanlarla bağlı Türkiyəyə dəstəyə çağırıb. Lent.az-ın məlumatına görə, millət vəkili AŞPA-da Avropanın köçkünlərlə bağlı siyasətini kəskin tənqid edib.
Bu gün AŞPA-nın yay sessiyasının ilk günündə Avropa Liberal Qrupda Suriya və İraqdan köçkün düşmüş insanlarla bağlı müzakirələr zamanı çıxış edən Q. Paşayeva təxminən 1 ay əvvəl Adıyaman, Hatay, Qazantəpdə Suriya və İraqdan köçkün düşmüş insanlarla, o cümlədən köçkün türkmənlərlə görüşdüyünü deyərək onların çağırışını səsləndiribmək istəyirəm deyib: “Türkiyə onlar üçün ümid, xilas qapısıdır. Avropa Şurası, bütün Avropa və digər beynəlxalq təşkilatlar dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq. Biz eyni zamanda bütün Avropa qurumlarına Avropa Liberal Qrupu adından bu çağırışı etməliyik. Çünki köçkünlər məsələsində Avropanın Türkiyəni maddi və mənəvi anlamda yalnız buraxdığını görürük. Türkiyənin böyük xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır”.
Millət vəkili deyib ki, insanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti, faciələri önləmək mümkün deyil: "Bu səbəblərlə mübarizə sərt olmalıdır. Mən Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri köçkünlərə yardım etməklə yanaşı, onları köçkün salan səbəblərlə daha ciddi mübarizəyə, onların öz evlərinə dönə bilməsi istiqamətində daha çox dəstək göstərməyə çağırıram. Səbəblərlə mübarizə güclənməzsə, köçkünlərin sayı azalmayacaq, əksinə, daha da artacaq və problemlər daha da gərginləşəcək".