Qəbələdə Avropa Azərbaycan Cəmiyyəti və Avropa Azərbaycan Məktəbinin birgə əməkdaşlığı şəraitində ibtidai sinif müəllimlərinin peşəkar bilik və bacarıqlarının artırılması, ibtidai təhsil sahəsində dünyanın qabaqcıl təhsil təcrübəsinin öyrənilməsi məqsədilə “İbtidai təhsil: yeni baxışlar, təcrübələr və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Avropa Azərbaycan CəmiyyətindənAPA-a verilən məlumata görə, konfransda Azərbaycanın müxtəlif bölgələrindən 40-a yaxın ibtidai sinif müəllimi, eləcə də, ABŞ, Avstraliya, Böyük Britaniya, Türkiyə və Ukraynadan ibtidai təhsil üzrə mütəxəssislər iştirak edib. Konfransda fikir mübadiləsi, müzakirələr aparılıb, dünyanın qabaqcıl təcrübələrinin Azərbaycana gətirilməsi yolları araşdırılıb, aktual mövzularda çıxışlar edilib. Xarici mütəxəssislər tərəfindən yerli müəllimlər üçün ibtidai təhsilin ən vacib aspektləri üzrə təlimlər keçirilib.
Avstraliya, Ukrayna, Türkiyə və Azərbaycanı təmsil edən ekspertlər “İbtidai sinif müəllimlərinin qarşısında duran vəzifələr: beynəlxalq müqayisələr”, “21-ci əsr üçün səriştəli müəllim kimdir; ibtidai sinif müəlliminin peşəkar keyfiyyətləri”, “İbtidai sinif müəllimlərinin peşəkarlığının artırılması və təkmilləşdirilməsində mentorluq yanaşması”, “Azərbaycan Respublikasında yeni dərslik siyasəti və yeni siyasətin formalaşması və həyata keçirilməsində orta məktəb müəlliminin rolu” mövzusunda çox maraqlı təqdimatlar keçiriblər. Digər ekspertlərin “İbtidai sinifdə bacarıqların formalaşdırmasına yeni baxışlar və müxtəlif strategiyalar”, “İbtidai sinif müəllimlərinin gündəlik təcrübəsində sosial bacarıq və kompetensiyaların formalaşdırılması” kimi mövzulara həsr olunmuş məruzələri ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın sonunda iştirakçılara sertifikatlar verilib.