“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru -Haqqın və Haqqımızın səsi ilə” adlı Qazi Qarabağ azanına dəstək məqsədilə Cəlilabad və Şirvan şəhərlərində tədbir keçirib. Lent.az-ın məlumatına görə, hər iki görüş Qazi Qarabağ azanının səslənməsi ilə başlayıb.
Daha sonra tədbirdə çıxış edən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bu layihəyə öz təşəbbüsləri ilə dəstək verdiklərini bildirib. O, bölgənin tanınmış din adamlarını Qarabağımızın azadlığı və dövlətçiliyimizin bütövlüyü naminə bu müqəddəs missiyaya dəstək olmağa çağırıb.
Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Qazi Qarabağ azanın tarixindən və bu ilahi səsin bizləri Qarabağa götürə biləcəyinin əminliyindən danışıb. O, prezident seçkiləri öncəsi bəzi riyakar din təəssübkeşlərinin Vətənimizdə təxribat törətmək istədiklərini bildirib.
Tədbirdə bölgənin nüfuzlu mənəviyyat adamları, ziyalılar, şəhid ailələri və qazilər, gənclər aktiv iştirak edib. Hər iki şəhərdə tədbir iştirakçıları ölkə başçısının milli-mənəvi dəyərlərin mühafizəsinə və təbliğinə verdiyi dəstəkdən məmnun olduqlarını bildiriblər.