Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır.
II YAZI
İlyas Əfəndiyevin “Geriyə baxma qoca” romanında qədim tərəkəmə camaatı Əliqulular kəndi haqqında məlumat verilir. Deyilir ki, bu kənddə oğru olmayana qız vermirlər, deyirlər fərasətsizdi, ailəsini saxlaya bilməyəcək. Bax bu, bizim kənddi. İndi o ənənənin qalıqları bu gün də yaşamaqdadı. Xüsusən at, mal-qoyun oğurluğu. Amma burda söhbət bu qədim sənətin peşəkarlığından gedir.
Adi bir fakt. Atamın çoban yoldaşı Mürsəl dayı bizdən üç günlüyə atımızın hörüyünü istədi, atam da verdi, hörük 30 metr olardı. Ucunda da yerə sancmaq üçün tovlamıx. Bu uzun kəndirlə atı başından bağlayırlar ki, uzağa getməsin, yəni otuz metrlik radiusda otlasın. Sözüm bunda yox. Üç gündən sonra Mürsəl dayı atamı səslədi. Çölə çıxdım. O, guya itlərin qorxusundan yaxına gələ bilmir, eləcə hörüyün tovlamıx bağlanan hissəsindən 5-6 metr əlində dəstələyib bizim evə tərəf, çəmənliyə tulladı. Dedi bala, gəl hörüyü apar. Atam dedi get gətir. Gəldim ki, Mürsəl dayının tulladığı yerdə hörük yoxdu. Qayıdıb atama dedim. Atam heç halını pozmadan dedi:
- Yəqin hörüyün o biri ucunu da öz ayağına bağlayıbmış. Sonra otların arası ilə sürüyə-sürüyə aparıb.
Sonra Mürsəl dayı deyəcəkdi ki, oğlun görə-görə hörüyü atdım siz tərəfə. Çox heyrətləndim. Həm də ona görə ki, atam bunu necə bildi?
Məhz oğurluq hadisələrinə görə tərəkəmələr çoxlu it saxlayırlar və həm də bu itləri çox istəyirlər. Fermada olan vaxtlarımda özümə yenə bir küçük götürdüm. Ağzının yanları qara idi. Belə itlər tutağan olurlar. Amma səbəb təkcə bu deyilmiş. Atam küçüyün hər iki qulaqlarından tutub bir dəfə havada fırladı. Küçüyün qulaqları kəsildi. Atam dedi ki, qulaqlar iti yaxşı eşitməyə qoymur, həm də dalaşanda qulaqları rəqibin dişinə keçir. Sonra küçüyün quyruğunu kəsdi, səbəbini soruşanda dedi ki, it başını quyruğunun üstə qoyub rahat yatır, oğru da öz işini rahat görür. Həm də itlər dalaşanda quyruq itlərin ağzına keçən ən asan yerdi. Ona görə it quyruqsuz və qulaqsız olsa, daha yaxşıdır. Sonra atam mənə tapşırdı ki, küçük yatanda onu təpiklə və ya ağacla tez-tez vurum. Dedim niyə, yazıqdı axı? Dedi onda it əsəbi böyüyür və sonra çox tutağan olur.
Küçük qar yağanda anadan olmuşdu deyə adını Qarbasan qoymuşdum. Qarbasan böyüdü. Oldu itlərimizin ağası. Çox qəribəydi, evdə atam gecələr itlərin nəyə hürdüyünü bilirdi. Başqa bir itimiz hürəndə atam deyirdi aya hürür. Başqa birisi hürəndə deyirdi buruğa hürür - fermamızın yanında neft buruğu vardı. Nə bilim, biri kətyan koluna hürür. Kətyan kolu kənardan adama oxşayır, quruyanda yastılayıb quzuların altda sərirlər ki, nəmişliyi götürsün, aralarından hava yaxşı keçir.
Qarbasan hürəndə atam deyirdi ki, o indi tanış adamı hörür, bərkdən hürüb göyərəndə, yəni fasiləsiz, atam deyirdi ki, artıq bu dəfə oğruya hürür. Tez ayağa qalxıb itləri qıylayırdı. Bu qıy çox qəribə səsdi. Elə bil itlər üçün “həyəcan siqnalı”dır. Elə ki Qarbasan əvvəl bərk hürüb, sonra zingildədisə, demək bu yüz faiz canavardı ki, Qarbasana təpindi. Qarbasan hələm-hələm canavardan qorxan deyildi. O biri itlər canavar görəndə az qala alaçığa girib içəridən çölə hürürdülər. Amma Qarbasan bu qeyrətsizliyi eləməzdi. Atam deyirdi ki, Qarbasanda canavar qatı var. Onun anasının anası Böyükağanın (atamın çoban dostu) itinin balasıdır. Böyükağa deyirdi ki, onun da itinin anasının anası uzun müddət canavarla dostluq eləyib. Qarbasanın nəsli çox böyük yerlərə gedib çıxırdı.
Qarbasana əsasən küt atırdıq. Bu, arpa unundan hazırlanmış xəmirdi.
Bir dəfə dağa köç edəndə obamız Qubadlı ərazisində Ağcabədi rayonunun Afşar fermaları ilə qonşu düşdü. Onların itləri bizim itlərlə boğuşdular... Sonra bir-birini iylədilər. Burda Qarbasanın gözü Afşar itlərindən olan bir qancığa düşdü. Qarbasan ölmüş də yaraşıqlı. Qancıq da buna laqeyd olmadı. Qarbasan hər gün gedir Afşar fermalarına, bizim də ferma it sarıdan qalır başsız... Axırda atam Qarbasanın burnunun düz üstünə yağlı bir ağac vurdu, Qarbasan yenə ağzının-burunun qanını yalaya-yalaya Afşar fermalarına baxırdı. Hər gün döyülürdü, yenə gözü o tərəfdə idi. Axırda boynuna zəncir keçirdik. Yenə o tərəfə baxıb ulayırdı. Bir gün tezdən baxıb gördük ki, Qarbasan zənciri başından çıxarıb, qaçıb. Axtarmadığımız yer qalmadı. Ağlayıb özümü öldürürdüm. Bütün çobanlar hərəsi mənə bir küçük verirdi, xeyri yox idi. Hara gedirdik, Qarbasanı axtarırdıq. Hətta kənddə bizə gülürdülər ki, adam bu qədər it axtarar? Ağsaqqallar atama deyirdi ki, oğlun uşaqdı, bəs sənə nə olub, sən də uşaqsan? Bundan sonra Qarbasanı utana-utana axtardıq, aranda, dağda, Ağcabədi, Cəbrayıl, Laçın, Kəlbəcər fermalarında axtardıq, tanıyan görən bilən, eşidən olmadı ki, olmadı. Üç yay yaylaqda, üç payız payızlıqda, üç qış qışlaqda, üç yaz yazlıqda olduq, yəni üç il keçdi Qarbasanın itməyindən...
Sonra atımızı itirdik Haramı düzündə. Qulan idi atımız. Yenə başladıq at axtarmağa. O dərə mənim, bu təpə sənin. Eşidən, bilən, görən, tanıyan olmadı. Altı ay Qulanın itməyindən keçdi.
Murad təpəsində idik. Yaylaqda. Cermuxun başının üstündə. Günorta vaxtı idi. Qoyun sağılırdı. Bir də gördük itlərin hamısı ayağa qalxdı. Uzaqdan Qulan kişnəyə-kişnəyə gəlirdi, yanında da... Qarbasan! Bu mənzərəni hər dəfə xatırlayanda tüklərim biz-biz olur. Bütün ferma töküldü, qonşu fermaların da adamları gəldi. Arvadlar ağlayırdı...
Sən demə, atımız itəndə Qarbasan olan yerə gedib çıxıbmış. Qarbasanı Ağcabədi fermalarının adamları tutublarmış. Zəncirdə saxlayırlarmış. At gedib ora çıxan kimi Qarbasan onu, o da Qarbasanı tanıyıb. Atı da tutublar. Sonra Qulan və Qarbasan fürsət tapan kimi qaçıblar, düz bizim ferma olan yerə, Sarıyer yaylağına. Qarbasan və Qulan bizim yurd yerlərimizi qarış-qarış tanıyırdılar.
Qarbasan gəlib düz ayaqqabılarımın üstünə çənəsini söykədi, hamının ayaqlarına yıxıldı, sanki hamıdan etdiyi günah üçün üzr istəyirdi. Gözünün biri kor idi. Qarbasanın kor gözünün üstündən öpdüm. O, öz sevgisi yolunda gözlərini qurban vermişdi...