Prezident İlham Əliyev Bakının Sabunçu rayonundakı 252 və 80 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Lent.az-ın məlumatına görə, prezident əvvəlcə Sabunçu rayonundakı 252 nömrəli məktəbdə olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə aparılan yenidənqurma işləri və yaradılan şərait barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, bu məktəbin binası 1972-ci ildə inşa olunub. 1900 şagird yerlik məktəbdə hazırda 1176 şagird təhsil alır. Məktəbin bütün sinif otaqlarında, ayrı-ayrı fənn kabinetlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Açıq və qapalı idman meydançaları yenidən qurulub, müasir istilik sistemi quraşdırılıb.
Prezident İlham Əliyev sonra Sabunçu rayonundakı 80 nömrəli orta məktəbdə də olub.
Burada da görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib.
Yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.