Yanvarın 3-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı olub.
Lent.az-ın mılumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. Ərazidə mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub.
Prezident İlham Əliyev “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət
Kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsib.
Qeyd edilib ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkün olacaq.
Ümumiyyətlə, bu istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Prezident İlham Əliyevə kompleksin yönləndirici planı və ikinci mərhələ çərçivəsində görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib.
“Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin “Riverside” kanat xəttinin aşağı stansiyasında olublar. Bu stansiyanı kompleksin girişi də adlandırmaq olar. Burada turistlərin istirahəti üçün hər cür şərait yaradılıb, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulub. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.