Prezident Azərbaycan xalqını təbrik etdi
01 yanvar 2018 00:04 (UTC +04:00)

Prezident Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
 
Lent.az-ın xəbərinə görə, təbrikdə deyilir:
 

 

- Əziz həmvətənlər. 

 

2017-ci il arxada qalır. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşayıb.

 

Bizim beynəlxalq əlaqələrimiz bu il daha da genişləndi. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək pilləyə qalxıb. Bu əlaqələr hər bir ölkə üçün çox önəmlidir, bizim üçün də. Bütün qonşularımızla qarşılıqlı hörmət əsasında dostluq əlaqələrimiz regional sabitliyə müsbət təsir göstərir.

 

Azərbaycan bu il İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edib və İslam həmrəyliyinin inkişafına, güclənməsinə öz dəyərli töhfəsini verib. Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur və bu il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilib. Eyni zamanda, bu il Avropa İttifaqı ilə əlaqələrimiz yeni pilləyə qalxıb, yeni saziş üzərində danışıqlar başlayıb. Bildiyiniz kimi, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olunub. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında öz dəyərli rolunu oynayır və hesab edirəm ki, dünya miqyasında bu sahədə mərkəzlərdən birinə çevrilib.

 

Mən bu il 20-dən çox xarici səfər etmişəm. Bu səfərlər çərçivəsində Azərbaycanın milli maraqlarını müdafiə etmişəm. Deyə bilərəm ki, xarici tərəfdaşlarla əlaqələrimiz bir daha göstərir ki, Azərbaycanın dünya miqyasında çox müsbət imici və reputasiyası var.

 

Azərbaycanın regionları bu il sürətlə inkişaf edib. Mən bu il regionlara 30-dan çox səfər etmişəm. Hər yerdə quruculuq-abadlıq işləri göz oxşayır.

 

Bu il neft-qaz sektorunda tarixi hadisələr baş verib. “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olundu. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. Cənub Qaz Dəhlizinin icrası demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Bu da tarixi hadisədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir.

 

Bu il digər tarixi layihə öz həllini tapıb, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Bakıda keçirilmişdir. Bu dəmir yolu layihəsi qitələri birləşdirir. Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividentlər gətirəcək. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini də qeyd etsək görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə çevrilir.

 

Bu il idmançılarımız bizi qələbələrlə sevindiriblər. Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir.

 

Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Hər zaman olduğu kimi, Azərbaycan bütün məsələlərdə İslam həmrəyliyinin güclənməsinə öz töhfəsini verir. Bu il də istisna olmayıb.

 

Bir sözlə, 2017-ci il ölkəmiz üçün uğurlu olub, əminəm ki, gələn il də uğurlu olacaq. Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə təbrik edirəm.

 

Hörmətli həmvətənlər, mən sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

 

Bayramınız mübarək olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar