“Mənim rayonlara, qəsəbələrə səfərlərimin səbəbi ondan ibarətdir ki, əlavə nə kimi işlər görülməlidirsə, onu sizdən eşidim. Çünki forsmajor hadisələr də olur, gözlənilmədən hansısa bir hadisə baş verir”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Maştağada sakinlərlə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, iradə olan yerdə istənilən işi görmək olar: “Təki iradə, istək, həvəs olsun. Hər bir vəzifəli şəxs öz xalqına bağlı olmalıdır. Hər bir məmur öz vətəndaşlarına xidmət etməlidir. Əgər hər bir qəsəbənin problemi öz həllini taparsa, onda ölkədə heç bir problem qalmaz. Çox sadə bir məntiqdir. Azərbaycanda dörd mindən artıq kənd və qəsəbə var. “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı da bütün bu qəsəbələrin problemlərini özündə ehtiva edir. Bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Üçüncü proqram da hazırlanır. Növbəti beş il ərzində infrastruktur və sosial obyektlərlə bağlı heç bir problem qalmayacaq”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Abşeron yarımadasında su mənbələri çox azdır. Vaxtilə Abşerona digər yerlərdən xətlər çəkilərək su verilib: “Ancaq hazırda bütün ölkəmizin su probleminin həlli üçün xüsusi proqram icra edilir. Siz də yəqin ki, izləyirsiniz. Demək olar ki, hər həftə hansısa rayonda içməli su, kanalizasiya layihələri öz həllini tapır. Belə olan halda mütləq Bakı şəhərinin bütün qəsəbələrində bu problem öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilib. Gələcəkdə digər layihələr də icra ediləcək. Məktəb, uşaq bağçası tikintisi, təmiri gedir. Bakı şəhərinin mərkəzi necə gözəldir. Bütün şəhərlər, bütün rayonlar elə olmalıdır. Bir daha demək istəyirəm ki, bunu etməyə bizim imkanımız da, iradəmiz də var. Xalq da bütün bu işləri dəstəkləyir. Belə olan halda qarşımızda heç bir maneə ola bilməz”.