Nazirlikdən işəgötürənlərə müraciət
30 noyabr 2015 13:38 (UTC +04:00)

Nazirlikdən işəgötürənlərə müraciət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi respublika ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatların rəhbərlərinə və digər işəgötürənlərə müraciət edərək, əmək məzuniyyətindən geri çağırılan işçilərə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın verilməsi üzrə əmək qanunvericiliyi qaydalarını izah edib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduğu müstəsna hallarda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Bu zaman işçinin əmək məzuniyyətindən geri çağırılması əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir. Yaxud da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Həmçinin məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

 

Bundan başqa, Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir: “Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

 

Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsinin birinci cümləsinə əsasən isə, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər".

 

Nazirlik bu müraciət əsasında işəgötürənlərin diqqətinə çatdırır ki, istifadə olunmayan məzuniyyət günlərinə görə işçidən məzuniyyət pulu tutulmadıqda ona gələcəkdə müəyyən olunmuş qaydada məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir: “Bu əvəzgünlərin haqqı işəgötürən tərəfindən əmək məzuniyyəti verilərkən ödənildiyi üçün işçinin Əmək Məcəlləsinin 135-ci və 144-cü maddələrinin 2-ci hissələrində nəzərdə tutulan kompensasiyanı və ya pul əvəzini almaq hüququ yoxdur. İşçiyə əvəzgünlərin verilməsi onun məzuniyyət hüququnun tərkib hissəsi olduğu üçün Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsinin birinci cümləsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi qaydası bu halda işçiyə şamil oluna bilər”.

 

İşçi məzuniyyətdən geri çağırılarkən ondan istifadə edilməyən məzuniyyət günlərinə görə məzuniyyət pulu tutulduğu halda işçiyə gələcəkdə müəyyən edilmiş vaxtda həmin məzuniyyət günləri verilərək məzuniyyət pulu yenidən hesablanıb ödənilir: “Əgər bu məzuniyyət günləri istifadə edilməzsə, ona əmək münasibətlərində olduğu dövrdə Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən kompensasiya və ya işdən azad olunarkən 144-cü maddənin 2-ci hissəsinə əsasən, məzuniyyətin əsas hissəsinə görə pul əvəzi verilir”.

 

 

# 336
avatar

Oxşar yazılar